Nəqliyyat
naziri Ziya Məmmədovun oğlu, “Garant Holding” MMC-nin Direktorlar Şurasının
sədri Anar Məmmədovun Türkiyə vətəndaşı olan mühafizəçisinin güllələnməsi və
Türkiyədə 40 milyon dollar ada alması barədə Türkiyənin “Hürriyet” qəzetinin
yazdıqlarına münasibət bildirilib.
Moderator.az xəbər verir ki, Lent.az-ın bu məsələ ilə əlaqədar sorğusuna Anar
Məmmədovun nümayəndəsi, “Garant-Holding”in hüquqşünası Ruslan Məmmədovun imzası
ilə cavab verilib.
Cavabda qeyd edilir ki, “Hürriyet” qəzetində gedən məlumatlar həqiqətə uyğun
deyil və tamamilə yanlışdır. Bildirilir ki, holdinqin layihələri bir çox
ölkələri, o cümlədən qardaş Türkiyəni əhatə edir, bu layihələrdə müxtəlif
dövlətlərin yüzlərlə vətəndaşları çalışıblar və çalışırlar: “Lakin bəlkə də nə
zamanlarsa əməkdaşlıq etdiyimiz hər hansı bir şəxsin, şəxslərin bu gün bizimlə
əlaqələndirilməsi sadəcə gülünc görünür. Ən azından mühüm bir məsələni
unutmayaq ki, istənilən halda, dünyanın istənilən bir ölkəsində işəgötürən
yalnız hazırda əməkdaşlıq etdiyi işçiyə görə hər hansı bir məsuliyyət daşıyır,
əməkdaşlıq müqaviləsinin müddəti başa çatdıqdan sonra işçinin törətdiyi hansısa
bir əmələ görə keçmiş işəgötürənlərinin ittiham edilməsi heç bir sağlam
düşüncəyə, sağlam məntiqə sığmır”.
Məktubda Anar Məmmədovun “Çırağan” Sarayında milyon dollarlıq ziyafət verməsi,
eləcə də Bodrum yaxınlığında 40 milyon dollar dəyərində bir adanı satın alması
barədə yazılanların da həqiqətə uyğun olmadığı vurğulanıb: “Ucuz sensasiya
dalınca qaçan jurnalist təxəyyülünün məhsuludur. Məlumatdan da görünür ki, heç
bir mötəbər mənbəyə istinad edilmir. Anar Məmmədovun ölkəmizin ictimai və
iqtisadi həyatındakı fəal iştirak edən, eləcə də, xaricdə xüsusən ABŞ-da
Azərbaycanın təbliği sahəsində irimiqyaslı işlər görən gənc iş adamı, “Garant
Holding” MMC-nin Direktorlar Şurasının sədri, Azərbaycan-Amerika Alyansının
təsisçisidir. Əsas məqsədi Amerikada Azərbaycanın tarixi, mədəniyyəti,
incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışmaq,
Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət mühitinə
dəstək təmin etmək olan Alyans bir müddət əvvəl Azərbaycan xalqının tarixinə
qara hərflərlə yazılmış dəhşətli Xocalı soyqırımının Amerika Birləşmiş
Ştatlarında tanıdılması istiqamətində genişmiqyaslı kompaniya keçirib”.
Açıqlamada o da bildirilib ki, “Hürriyet” qəzetində gedən məlumatların ətraflı
araşdırılmasına başlanılıb və yaxın günlərdə məlumatların həqiqətə uyğun
olmaması barədə iddia ilə Türkiyə Respublikasının müvafiq məhkəmə
instansiyasına müraciət ediləcək.
Qeyd edək ki, bu gün Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Yalçın Bayer
nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdan yazıb. “Azəri nazirin
türk mühafizəçisinə nə oldu”? başlıqlı yazıda qeyd olunur ki, Anar Məmmədovun
yanında mühafizəçi işləyən Türkiyə vətəndaşı İsmayıl Gənc azərbaycanlı
mühafizəçilərlə tez-tez dava edib. Üç həftə öncə baş vermiş davada İsmayıl Gənc
azərbaycanlı mühafizəçilərin açdığı atəş nəticəsində ağır yaralanıb və Bakıdakı
xəstəxanalardan birində müalicə olunmağa başlayıb. İsmayılın aqibəti haqqında
da bilgi yoxdur. Müəllif yazır ki, Gəncin ailəsi Bakıdakı Türkiyə Səfirliyinə
müraciət edərək oğullarının aqibətini öyrənməyə çalışıblar, amma nəticə əldə
edə bilməyiblər. Müəllif yazıb ki, Anar Məmmədovun iki həftə “Çırağan” şadlıq
sarayında milyon dollarlıq ad günü ziyafəti verib və Bodrum yaxınlığında 40
milyon dolar dəyərində bir adanı alıb.